Şirkət haqqında
“Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən müəssisələrdə istehsal edilən məhsulları distributorlarına, marketlərə və istehlakçılara çatdıran “Azərsun Ticarət və Dağıtım” şirkəti uzun illərdən bəri dövrümüzə qədər gəlib çatan ənənəvi ticarət anlayışını, hər dövrün tələblərinə uyğun müasir texnologiya ilə birləşdirərək geniş ticarət şəbəkəsi qurmuşdur. Distributorluqlar şəbəkəsi 450-yə yaxın işçi qüvvəsi və 170-dən çox nəqliyyat vasitələri ilə ölkənin bütün bölgələrinə, qəsəbə və rayonlarına hətta kəndlərinə çox rahat şəkildə çatdırılmaqdadır.
Hal-hazırda Azərbaycanda ən böyük paylama potensialına malik olan bu şirkət, eyni zamanda ölkənin ilk paylama kanalını quran müəssisədir.
Şirkət iki satış departamentindən ibarətdir.
- Göstərilən xidmətlər və imkanlar
Abşeron Satış Departamentinin xidmət və imkanları
Abşeron Satış Departamenti ikisi Bakı şəhərində və biri Sumqayıt şəhərində olmaqla üç filialdan ibarətdir.
Bölgələr Satış Departamentinin göstərdiyi xidmət və imkanlar
Bölgələr satış departamentinin mərkəzi Gəncə şəhəridir. Gəncə, Samux, Göygöl, Daşkəsən, Yevlax, Goranboy, Naftalan və Dəliməmmədli bölgələrinə şirkət birbaşa özü xidmət göstərir. 15 satış maşınları, 8 minik avtomobili ilə satış xidməti göstərir. 8 satış maşını ilə paylama xidməti, 5 satış maşını ilə isə soyuq satış, 1 satış maşını ilə topdan satışçılara və 1 satış maşını ilə isə otel və restoranlara satış xidməti göstərir. Cəmi 820 satış nöqtəsi vardır. Gəncə şəhərində 13 ədəd super market tipli yer mövcuddur. Gəncə şəhərində böyük marketlərin sayı gedərək çoxalmaqdadır.
Bundan əlavə Gəncədə fəaliyyət göstərən əməliyyat şöbəsində cəmi 17 nəfər işçi çalışır. Həmin şöbə distributorların tələbləri qarşılamaqla və satış departamentinə lazımi bütün dəstəyi verməklə fəaliyyətlərini həyata keçirməkdədir. Şöbəyə bağlı olaraq Dağıstan və Qırmızı Körpü satış ofisləri də fəaliyyət göstərir.
Bölgələr departamentinin nəzdində 27 distributor vardır.
Azərbaycanda 10 mindən çox satış nöqtəsinə xidmət göstərən “Azərsun Ticarət və Dağıtım” hər bir satış nöqtəsini həftədə ən az bir dəfə ziyarət etmə imkanına malikdir.